Futbol

Futbolun acıları unutdurduğu ölkə- YAZI

31.08.2015 , 09:12

Yəqin ki, Əfqanıstandakı həyat səviyyəsi haqqında az-çox məlumatınız var. Mərkəzi Asiyada  yerləşməsinə baxmayaraq,  mədəni və iqtisadi yaxınlıq baxımından Yaxın Şərq dövləti kimi qəbul olunur. Böyük ehtimalla, Yaxın Şərq regionundan söz açılanda bir çoxunuzun ağlına vətəndaş müharibələri, insan hüquqlarının məhdudlaşdırılması və ya pozulması, radikal terror təşkilatları gəlir. Təəssüf ki, İraq, Suriya, Əfqanıstan, Yəmən küçələri uşaqlıqdan məhrum uşaqlarla, zəruri ehtiyac və ailə başçılarından yoxsul ailələrlə doludur. Amma bütün bu çətinliklərə rəğmən, əfqan xalqı  öz milli kimliyini unutmur, adət-ənənələrini yaşatmağa çalışır.

1978-ci ildə Əfqanıstandakı marksist hökumət islamçı mücahidlərlə mübarizədə kömək üçün SSRİ-yə müraciət etdi. Leonid Brejnevin əmri  nəticəsində “Qızıl ordu” Əfqanıstana girdi və 9 il sürən işğal başlandı. 1989-cu il 15 fevral tarixində isə ordunun böyük itkilər verməsi nəticəsində Mixail Qorbaçov  geri çəkilmək qərarı verdi. Ədalət naminə, “Taliban” rejimindən fərqli olaraq, Əfqanıstan Demokratik Cümhuriyyəti dövründə ölkədə müəyyən qədər azad cəmiyyətin formalaşdırıldığını,  təhsilə daha çox önəm verildiyini qeyd etməliyik. Necə deyərlər, ağıllıların diktaturası, axmaqların demokratiyasından yaxşıdır.  Amma bütün bunlar qısa müddətli və 1 milyondan çox əfqan vətəndaşının qanı bahasına əldə olunmuşdu  Həmçinin, insanların şəxsi mülklərinin dövlət tərəfindən özəlləşdirilməsi nəticəsində Əfqanıstanda aclıq və Pakistan başda olmaqla  qonşu ölkələrə mühacirət başladı. Buna qədər puştun və həzara  yeniyətmələri arasında populyarlıq qazanmış genişmiqyaslı “çərpələng uçurtma” yarışları məhdudlaşdırılmış, “Taliban” hakimiyyəti dövründə isə ümumiyyətlə, “günah” sayılaraq qadağan olunmuşdu.  Maraq üçün onu da qeyd edim ki, sözügedən məsələ əfqan əsilli amerikan yazıçı Xalid Hüseyninin dünyaca məşhur “Çərpələng uçuran” romanına da mövzu olub.

1992-ci ildə marksist  Məhəmməd Nəcibullah  hakimiyyətdən devrildi. 1996-cı ilin 28 sentyabr tarixində “Taliban”  onu gizləndiyi BMT binasından çıxararaq, uzun işgəncələrdən sonra ertəsi gün elektrik dirəyində asaraq öldürdü.  Əfqan mücahidlər üçün “yorğan əldən getsə də, dava bitməmişdi”. 1994-cü ildə Qənhəharı keçərək Əfqanıstana daxil olan “Taliban”, 1996-cı ildə paytaxt Kabili ələ keçirərək iqtidara gəldi. Qarşıdakı 5 ildə Əfqanıstan İslam Əmirliyi adlanan dövlət İslam teokratiyası (şəriət) ilə idarə olundu. Ölkə prezidenti isə terror təşkilatının liderlərindən olan Bürhanəddin Rəbbani seçildi. “Taliban” ortaya çıxanda, artıq müharibələrin bitəcəyinə inanan, mücahidləri gül-çiçəklə qarşılayan əfqan xalqı qısa müddət sonra səhv etdiyini anladı. 1998-ci ildə milliyətçi puştunların  başda Məzari-Şərif şəhəri olmaqla  ölkənin müxtəlif yerlərində həzara türklərinə qarşı keçirdiyi etnik təmizləmə nəticəsində minlərlə insan həyata gözlərini yumdu.

O illərdə Əfqanıstanda futbol qarşılaşmaları məhz bu olayların fonunda keçirilirdi. “Taliban” tərəfdarları futbolçuların müasir geyimini “ədəbsiz” sayaraq, onlara şort geyinməyi qadağan etdi. Oyunçular isti yay aylarında belə, meydanda şalvarla mübarizə aparmağa məcbur edilirdilər. Amma hər şeyə rəğmən, əfqan xalqı yenə də “Qazi” stadionunu doldurur, özlərini sevimlilərinin oyunlarına baxmaqdan məhrum etmirdilər. Di gəl ki, tribunalara əllərindəki şallaqla nəzarət edən taliblər, yüksək səslə azarkeşlik edənləri, görüşü izləməyə gələn qadınları aşkar edir, cəzalandırırdılar.  “Qazi” stadionu təkcə futbol matçlarının deyil, həm də kütləvi edamların məkanı idi. Belə ki, çox vaxt İslama zidd əməllər törətmiş şəxslər oyunun fasiləsində nəqliyyat vasitələri ilə meydana gətirilir, minlərlə insanın gözləri önündə daş-qalaq edilir, ən yaxşı halda isə güllələnirdilər. Həmin illərdə stadiona komandalarını dəstəkləməyə gələn azarkeşlər sevgilisi ilə əl-ələ görülən qıza 40 dəyənək vurulmasını, onlarla gəncin əlinin kəsilməsini, gilyotin daxil, ən dəhşətli edam üsullarını öz gözləri ilə görmüşdülər. Stadionun səsucaldanlarından isə mahnı və ya azarkeşləri coşdurmaq üçün şüarlar yox, Quran ayələri səslənirdi. İllər boyunca “Qazi” stadionu təkcə su ilə yox, həm də insan qanı ilə suvarılıb…

 

Söhbət həmin stadiondan düşmüşkən… “Qazi”də ilk matç 1 yanvar 1941-ci il tarixində Əfqanıstan və İran milli komandaları arasında keçirilib və qarşılaşma 0:0 hesabı ilə başa çatıb. Stadion hazırkı azarkeş tutumuna görə (25000-dən çox) ölkədə birincidir. 2011-ci ildə meydança bərpa edilib – təbii ot örtüyü süni ot örtüyü ilə dəyişdirilib. Bunda əsas səbəb yay aylarında Əfqanıstanda havaların çox isti keçməsi, eləcə də içməli su problemi idi. Onu da nəzər almaq lazımdır ki, “Qazi” demək olar, bu ölkədəki 2-3 beynəlxalq stadiondan biri olduğundan, təbii ot örtüyü gərgin matç qrafikinə tab gətirə bilməzdi.  15 dekabr 2011-ci ildə isə Əfqanıstan Milli Olimpiya Komitəsi stadionda açılış mərasimi təşkil etdi. Sözügedən mərasimdə ABŞ-ın bu ölkədəki elçisi Ryan Kroker və Əfqanıstan Olimpiya Komitəsinin prezidenti Məhəmməd Zahir Əkbər kimi şəxslər vardı. Stadiondan hal-hazırda Əfqanıstan Milli Komandası ilə yanaşı, qonşu əyalət və ölkələrin qarşılaşmaları üçün də istifadə olunur.  Maraq üçün onu da qeyd edim ki, 2013-cü ilin sentyabr ayında UEFA prezidenti Mişel Platini sözügedən stadionu ziyarət edib. Burda xüsusi mərasimlə qarşılanan Platini təşkil olunan mətbuat konfransında əfqan futbolçu və məşqçilərin təhsilinə UEFA tərəfindən yardım ediləcəyini bildirmişdi. Əfqanıstan Futbol Federasiyası prezidenti – Əli Rza Akazada da UEFA-nın onlara yardım vəd etdiyini bildirmişdi.

 

 

Əfqanıstan çempionatı barədə də danışsaq, pis olmaz. İlki 1946-cı ildə keçirilmiş çempionat 2006-2012- ci illərdə Kabil Premyer Liqası adlandırılıb. 2008-ci ildə davam edən müharibə səbəbi ilə keçirilməyən çempionatın formal olara qalibi “Ordu Kabil” klubu seçilib. Ümumilikdə isə  Kabil Premyer Liqasını 3 dəfə “Ordu Kabil”, 3 dəfə “Feruzi”, 2 dəfə isə “Biq Beə” klubu qazanıb. 2012-ci ildə çempionatın Əfqanıstan Premyer Liqası adlanmasına qərar verilir və elə həmin ilin avqust ayında iştirak üçün 8 yeni klub təsis olunur. Çempionatın adı dəyişsə də, indi də çıxış edən klubların hamısı paytaxt Kabili təmsil edir. 2014-cü ildə baş tutan son çempionat formata uyğun olaraq cəmi 1 ay (28 avqust- 3 oktyabr) davam edib və qrup sistemi ilə keçirilib. 8 komandanın (“Ded Abasin”, “Ded Maivand Atalan”, “Ded Spind Qar Bazan”, “Mayhay  Amur”, “Oqaban Hindiquş”, “Şahin Azmayi”, “Simurq Alborz”, “Tufan Harriod”) iştirak etdiyi liqanın bütün qarşılaşmaları “AFF Stadium”da keçirilib. Qeyd edim ki, həmin stadion da 2012-ci ildə istifadəyə verilib və tutumu 7.000 civarındadır. Sözügedən arenanın da ot örtüyü sünidir. Çempionatda 17 qarşılaşma keçirilib, 70 qo vurulub (matç başına 4.12 qol). Ən bol qollu oyun oktyabrın 3-də “Ded Spirinq Bazan” və “Ded Maivan Atalan” komandaları arasında 5:5 hesabı ilə başa çatan üçüncülük uğrunda qarşılaşma idi. Finalda “Oqaban Hindiquş” komandasını 3:2 hesabı ilə məğlub edən “Şahin Azmayi”  isə tarixində 2-ci dəfə bu titula sahib çıxdı. Həmin mövsümün bombardiri çempion klubun futbolçusu  M.Rza Rezayi (6 qol) olub. Sonda maraq üçün onu da nəzərinizə çatdırım ki,  Əfqanıstan çempionatının yayım hüququ “Tolo Tv” və “Lemar Tv” kanallarındadır.

Əfqanıstan millisinə gəlincə… Yığma komandası 1922-ci ildən mövcud olsa da, ölkənin futbol federasiyası 1948-ci ildə FİFA-ya üzv ola bilib. 1954-cü ildə isə qurucu üzvlərdən biri kimi Asiya Futbol Konfederasiyasına qatılıb. 1996-2001-ci illərdə “Taliban” rejiminin təzyiqlərinə məruz qalan komanda rəsmi oyunlara çıxmayıb. Nəhayət, 2002-ci ildə Cənubi Koreyada keçirilən Asiya Oyunlarında iştirak edən milli komanda ilk matçında meydan sahibinə 0:2 hesabı ilə məğlub olub. Hazırda bosniya və herseqovinalı baş məşqçi Slaven Slekedziçin çalışdırdığı milli komanda FİFA-nın reytinq cədvəlində 134-cü pillədə yer alıb. Sözügedən milli komandanın tarixində bu mənada ən yüksək göstərici 2014-cü ilin aprel ayında qeydə alınıb (122-ci pillə). Əfqanıstan millisinin ən böyük uğuru 2013-cü ildə keçirilən Cənubi Asiya Kubokundakı çempionluqdur və bu, həddindən artıq çətin vəziyyətdə olan ölkə üçün dünya çempionluğuna bərabər nailiyyət hesab olunur.

Haqqında danışdığımız ölkədə təhlükəsizlik məsələlərinə görə futbolda iştirak yüksək səviyyədə deyil. Hələ də fəaliyyətini partizan dəstələri şəklində davam etdirən “Taliban”nn terror hücumlarından qorxan insanlar ictimai yerlərdə mümkün qədər az qalmağa çalışırlar. Bütün bunlara rəğmən, əminliklə, deyə bilərik ki, futbol Əfqanıstanda ən populyar idman növüdür. Hətta bir neçə il öncə, “Türksat” peyki vasitəsi ilə yayımlanan Əfqanıstan telekanallarından biri yayım hüququ olmadığı halda “Lider Tv”- dən DÇ-2010-u translasiya edərək “oğurlamışdı”.

Yaxın Şərq ölkəsi ilə bağlı daha bir sevindirici məqam isə yaxın keçmişdə baş tutub. 2013-cü ilin “Qızıl Top” mükafatının təqdimetmə mərasimində Əfqanıstan Futbol Federasiyasının təmsilçisinə FİFA-nın “feyr-pley” mükafatı verilmişdi.

2019-cu ildə BƏƏ-də keçiriləcək Asiya Çempionatının təsnifat mərhələsində iştirak edəcək Əfqanıstan milli komandası Sinqapur, Suriya, Yaponiya və Kamboca ilə birlikdə E qrupunda yer alıb. Keçirdikəri ilk 2 görüşdə Suriyaya 0:6 hesabı ilə məğlub olub, səfərdə Kamboca üzərində 1:0 hesabı ilə qələbə qazanan əfqanlar bu nəticələrdən sonra 3 xalla 3-cü pillədə yer alır. Komanda növbəti görüşünü sentyabrın 8-də Asiyanın ən güclü komandalarından Yaponiyaya qarşı keçirəcək. Sözügedən qarşılaşma təhlükəsizlik səbəbi ilə İranın Tehran şəhərində yerləşən “Azadi” stadionunda baş tutacaq. Maraq üçün onu da bildirim ki, tutumu 85.000 nəfərə yaxın olan “Azadi” stadionu bu göstəriciyə görə İranda birincidir.

Ürfan Məmmədzadə

 

Facebook Şərhləri

Son yazılar

Yuxarı