Milli

Elxan Məmmədov: “Qurban Qurbanovun təyinatına daha dərindən baxılmalı idi”

08.12.2018 , 15:16

AFFA-nın baş katibi Elxan Məmmədov İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərin suallarını cavablandırıb:

– Nələr müzakirə olundu?

– 4 əsas məsələ var idi. Biri milli komandanın son bir ildəki nəticələri idi. Sonra aşağı yaş millilərinin baş məşqçilərininin müqavilələrinə xitam verilməsi ilə bağlı müzakirələr aparıldı. Hakim və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Ştuxlikin hesabatı dinlənildi. Həmçinin, lisenziyalaşdırma ilə bağlı “A” meyarına uyğun olaraq maliyyə şəffaflığı ilə bağlı müvafiq qərar qəbul edildi.

Bildiyiniz kimi, Qurban Qurbanov ötən il milli komandaya baş məşqçi təyin edilmişdi və o, eyi zamanda “Qarabağ”ı da çalışdırırdı. Nəticələr və fəaliyyətə baxıldıqdan sonra qərar qəbul edildi ki, fəaliyyətini bir işdə davam etdirsin və yığma komandanın baş məşqçisi kimi müqaviləsinə xitam verilsin. Bizim üçün “Qarabağ”ın beynəlxalq arenada və daxili çempionatda uğurlu çıxışı və gələcək inkişafı çox vacibdi. Başa düşürük ki, iki komandanın baş məşqçisi olmaq çox ağır yükdü Ötən il İK qərarı qəbul edərkən düşünürdü ki, bu yük və məsuliyyət elə də ağır deyil. Ancaq təcrübə göstərdi ki, 4 fərqli yarışda iştirak etmək çox çətindi. Buna görə də müqaviləyə xitam verildi. AFFA prezidenti və İK üzvləri Qurban müəllimə minnətdarlığını bildirdi. O, son 12 ayda əziyyət çəkdi. Təəssüf ki, Millətlər Liqasında uğurlu nəticə əldə olunmadı, ancaq böyük əziyyətlər oldu.

Keçən il aşağı yaş millilərinə də yeni təyinatlar edilmişdi. Yalnız Vüqar Məmməd daha əvvəldən AFFA ilə əməkdaşlıq etmişdi. Biz bu bir ildə məşqçilərdən strategiya gözləyirdik. Ancaq gördük ki, uğursuz nəticələr oldu. Ümumi olaraq uzunmüddətli strategiya və plan təqdim olunmadı. Elit-raunda yüksələn U-19-un çalışdırıcısı Vüqar Məmməd istisna olmaqla, digər yığmaların məşqçiləri ilə müqavilələrə də xitam verildi.

UEFA-nın yeni tələbləri nəzərə alınaraq, klubların daxilində maliyyə şəffaflığı təmin olunmalıdı. İK qərar qəbul etdi ki, klublar ildə bir dəfə gəlirləri ilə bağlı məlumatları şəffaf şəkildə ictimaiyyətə təqdim etməlidi. Xərc hissələri ilə bağlı isə hələlik yalnız uşaq futboluna ayrılan vəsaitlər açıqlanmalıdı. Hakimlər Komitəsinin sədri son 3 ayla bağlı hesabat təqdim etdi. Növbəti 13 aylıq planlar təqdim edildi. Hesabat qəul olundu.

– Açıqlamalarınız bir-birini inkar edir. Qurbanovla ötən il uzunmüddətli müqavilə bağlanması ilə qəbul olunurmu ki, İK üzvləri yanlış qərar qəbul etmişdi? Digər tərəfdən Qurbanov “Qarabağ” düşünülərək, göndərilirdisə, aşağı yaş millilərindəki məşqçilərlə yollar niyə ayrılır?

– İK-nın keçən il qərar qəbul edərkən nəzərə aldığı amillər var. Hər addım müzakirə olunmuşdu. Deyilmişdi ki, bu, ağır yükdü, iki komandada baş məşqçi olmaq çətindi və bu, Qurban Qurbanovdan soruşuldu. O da qeyd etdi ki, bu yükü götürməyə tam hazırdı. Heç kim deyə bilməz ki, hər qərar yüz faiz doğrudu. Bəzi üzvlər tərəfindən etiraf da olundu ki, həmin zaman bu məsələyə daha dərindən baxılmalıydı. Millinin 70 faizi “Qarabağ”ın futbolçularından ibarət idi, ancaq indi belə deyil. İkinci suala gəlincə, əsas milli digərlərindən ayrıdı. Digərlərində isə çoxsaylı təlim-məşq toplaışları olur. Demək olar ki, hər ay bunlar təşkil olunub. Ancaq biz gördük ki, bunun faydası yoxdu. Məsələn, U-17 nəticə vermir, həm də intizam yoxdu. Əgər komanda beynəlxalq oyuna çıxırsa və 4 “qırmızı” alırsa, bu, komandanın böyük problemidi. İK da başa düşür ki, bunları həll etməliyik. Söhbət tək nəticədən getmir, qələbə qazanmaq da, məğlub olmaq da olar, feyr-pleyi pozmamalıyıq. Dünyada bunu ciddi təbliğ edirlər. Gənc futbolçularımız da buna uyğun davranmalıdılar. U-19-un nəticəsi oldu və Vüqar Məmmədlə yola davam edəcəyik. (futbol11.az)

 

Son yazılar

Yuxarı