Avrokuboklar

Əfsanəvi hücumçu Bakıya gəlir

21.12.2018 , 11:31

UEFA Avropa Liqası növbəti dəfə Bakıda futbol azarkeşlərini sevindirəcək. 2019-cu il, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində dünya şöhrətli argentinalı hücumçu Ernan Krespo UEFA-nın ulduz səfiri qismində dekabrın 23-də paytaxtımıza gələcək.

Həmin gün, saat 12:00-13:00-da UEFA Avropa Liqasına həsr olunmuş muzeydə Milan “İnter”inin heyətində 3 dəfə İtaliya çempionu olmuş Kresponun imza günü təşkil olunacaq.

Muzey ziyarətçiləri imza günündə sabiq hücumçu ilə yaxından tanış ola, ondan imza ala, eləcə də foto çəkdirə biləcəklər.

Krespo İtaliyanın “Parma” klubunun heyətində UEFA Kubokunun 1998/99 mövsümünün qalibi olub. Onun adı 2004-cü ildə FIFA-nın 100 illik yubileyi münasibətilə Pele tərəfindən tərtib edilmiş həyatda olan 125 ən yaxşı futbolçunun siyahısında yer alıb.

2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsi haqqında qərar qəbul edilib.

Son yazılar

Yuxarı